USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən “Rəqəmsal Şengen vizası” addımı

29.03.2023 Digər
2 0
Avropa İttifaqı Şengen vizalarını pasportlarda çap etmək əvəzinə rəqəmsallaşdırmaq istiqamətində daha bir addım atıb.

Avropa Şurasına daxil olan üzv dövlətlərin səfirləri Şengen vizalarının rəqəmsallaşdırılması üçün zəruri olan danışıqlar mandatı barədə razılığa gəliblər. Beləliklə, Şura rəqəmsal Şengen vizasına keçidlə bağlı Avropa Parlamenti ilə yekun hüquqi mətn üzrə danışıqlara başlaya biləcək.

Aİ Komissiyasının 2022-ci ilin aprelində vizaların rəqəmsallaşdırılması təklifi hazırda pasportlara yapışdırılmış Şengen vizalarının rəqəmsal verilməsini nəzərdə tutur.

Təklif qanuna çevrilərsə, Şengen vizası üçün müraciətlər də rəqəmsal onlayn şəkildə həyata keçiriləcək. Bunun üçün “viza müraciət platforması” yaradılacaq. Bütün sənədlər bu veb-saytda rəqəmsal olaraq yüklənəcək və viza rüsumları internet saytında ödəniləcək.

Yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatlarını yeniləyənlər və yeni pasport sahibləri konsulluq və ya viza mərkəzlərinə gedəcəklər.

Vizalar ərizəçiyə rəqəmsal formatda, 2D ştrix-kod şəklində və şifrələnmiş formada imzalanaraq çatdırılacaq.

Rəqəmsal vizalarla Aİ saxtakarlığın və oğurlanmış vizaların istifadəsinin qarşısını almağı hədəfləyir.

Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı qanun layihəsi Avropa Parlamentinin müvafiq komitəsi tərəfindən bəyənilib. Qanun mətninin yekun formasının Şura və Parlamentin müzakirələrindən sonra veriləcəyi gözlənilir.