USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis Qənirə Paşayevanın vəfatı ilə bağlı məlumat yaydı

29.09.2023 Siyasət
0 0
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, tanınmış ictimai xadim Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də vəfat edib.

Kommersant.az xəbər verir ki, bu barədə Milli Məclisin yaydığı məlumatda qeyd edilib.

1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri seçilib.

2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin, 2012-2015-ci illərdə isə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasının müdiri kimi çalışıb.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən altıncı çağırış Milli Məclisə deputat seçilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Qənirə Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!