Azərbaycanda ÜDM artıb

15.11.2019 İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 415,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artmış, tikintidə isə 6,2 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 609,6 manata bərabər olub.