İran sabah Omanda ABŞ ilə ekspertlər səviyyəsində keçiriləcək texniki danışıqların aprelin 26-na qədər təxirə salındığını açıqlayıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məsələ ilə bağlı açıqlama verib.
Bekayi bildirib ki, Omanın təklifi və İran və ABŞ nümayəndə heyətlərinin razılığı ilə iki tərəf arasında dolayı danışıqlar çərçivəsində sabah keçirilməsi planlaşdırılan ekspertlər səviyyəsində texniki danışıqlar iki ölkənin nümayəndə heyətləri başçılarının iştirakı ilə aprelin 26-na təxirə salınıb.
İran və ABŞ arasında danışıqlar prosesi
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Xamneyiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub trafikindən sonra İran və ABŞ aprelin 12-də Omanda dolayı danışıqlar aparıblar.
Tərəflər Omanın vasitəçiliyi ilə aprelin 19-da İtaliyanın paytaxtı Romada yenidən görüşüblər. Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
İran aprelin 23-də Omanda ekspertlər səviyyəsində texniki danışıqların, aprelin 26-da isə Omanda dolayı danışıqların keçiriləcəyini açıqlamışdı.